- Test suallarının cavablandırılmasına dair təlimat

İmtahana başlamaq üçün kompüterin ekranında görünən xanaya şəxsiyyət vəsiqəsinin seriya nömrəsi daxil edilərək “daxil ol” düyməsini sıxılmalıdır. Açılan pəncərədə imtahan məlumatları əks olunacaqdır. Məlumatların düzgünlüyünə əmin olunduğu təqdirdə, cədvəldən aşağıda “başla” düyməsini sıxdıqdan sonra imtahan başlayacaqdır. Açılan yeni pəncərənin mərkəzində imtahanın ilk sualı və cavab variantları və yuxarı sağ küncdə imtahanın başa çatmasına qalan müddət görünəcəkdir. Pəncərənin yuxarısında suallar həm mövzular, həm də sıra nömrələri üzrə görünür. Qırmızı rənglə işarələnmiş nömrə cavablandırılmamış, yaşıl rənglə işarələnmiş nömrə cavablandırılmış, sarı rənglə işarələnmiş nömrə isə hazırda ekranda görünən sualı bildirir. Həmin nömrələrdən hər hansı birinin üzərinə sıxaraq birbaşa həmin sualı ekranda göstərmək mümkündür. Bu qayda ilə istənilən sualı yenidən cavablandırmaq və ya seçilmiş cavab variantını dəyişmək mümkündür. Sualları cavablandırarkən düzgün hesab edilən cavab variantının üzərinə sıxdıqdan sonra aşağıdakı “növbəti” düyməsini sıxaraq digər suala keçilir. Daha əvvəl cavablandırılmış suallara bir daha qayıtmaq üçün “əvvəlki” düyməsini sıxmaq lazımdır. Qayıtdıqdan sonra seçilmiş cavab variantını dəyişmək də mümkündür. İmtahanı bitirmək üçün sonuncu – 60-cı sualı ekranda göstərərək, aşağıdakı “imtahanı bitir” düyməsini sıxmaq lazımdır. Düyməni sıxdıqdan sonra açılan pəncərədəki xanaya şəxsiyyət vəsiqəsinin seriya nömrəsini daxil edərək “bitir” düyməsini sıxmaq lazımdır. Həmçinin, nəzərdə tutulmuş vaxt bitdikdən sonra imtahan avtomatik olaraq bitəcəkdir.