- Sual Cavab
Müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarılması;
bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi;
nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi.
>Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanlarının Xaçmaz rayonunun ümumi təhsil müəssisələrinin müəllimləri üçün 28-29 noyabr tarixlərində Xaçmaz rayonunda, Masallı və Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrinin müəllimləri üçün 4-6 dekabr tarixlərində Masallı rayonunda, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarının və Şirvan şəhərinin ümumi təhsil müəssisələrinin müəllimləri üçün 9-13 dekabr tarixlərində Şirvan şəhərində, Abşeron, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin ümumi təhsil müəssisələrinin müəllimləri üçün 16-20 dekabr tarixlərində Sumqayıt şəhərində, Gəncə şəhərinin ümumi təhsil müəssisələrinin müəllimləri üçün 24-25 dekabr tarixlərində Gəncə şəhərində keçirilməyi nəzərdə tutulmuşdur.
Diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrinin (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) müəllimləri iştirak edə bilərlər.
Əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, eyni zamanda Nazirliyin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilmədə iştirak edə bilərlər;
İki və daha artıq fəndən tədris aparan müəllimlər öz seçimlərinə əsasən yalnız bir fənn üzrə diaqnostik qiymətləndirilmədə iştirak edə bilərlər. Müəllimlər bu seçimləri ilə əlaqədar əsaslandırılmış səbəbi müəssisə rəhbərinə bildirməlidirlər.
Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanları elektron proqram təminatı vasitəsilə keçiriləcək. Bununla da imtahan iştirakçılarının sualları cavablandırarkən seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişmək, imtahanın vaxtını monitorda izləmək, ekrandakı elektron kalkulyatordan istifadə etmək kimi imkanları yaranacaq.
Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə (ixisas üzrə 4, metodika üzrə 2) düzgün cavab vermiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar.
Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanları 90 (hər bir suala orta hesabla 1.5 dəqiqə) dəqiqədən ibarət olur.
Qiymətləndirilmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir.
Səhv cavablandırılmış suallar düzgün cavablandırılmış sualların balına heç bir təsir etmir.
İmtahan iştirakçıları imtahana gələrkən özləri ilə yalnız qələm və şəxsiyyət vəsiqəsi gətirməlidirlər. Əlavə vərəq, kalkulyator, mobil telefon, pərgar və sair kimi əşyaların imtahana gətirilməsi qadağandır. Ehtiyac olduğu halda nəzarətçilər tərəfindən əlavə vərəq və qələm təmin ediləcəkdir.
Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində keçid balını toplamayan, eləcə də aşağı bal toplayan müəllimlər, növbəti diaqnostik qiymətləndirmə imtahanlarında iştirak edə bilərlər.
Qiymətləndirilmədə iştirak edəcək müəllimlərin İKT bilik və bacarıqlarını təkmilləşdirmək üçün bölgələrdə müvafiq təlim mərkəzləri yaradılmış və müəllimlər təlimlərə cəlb edilməkdədirlər. Bununla əlaqədar, müəllimlərin yerli təhsili idarəetmə orqanına müraciət etmələri tövsiyə olunur. Eyni zamanda imtahan zamanı nəzarətçilər imtahan iştirakçılarına bu qisim dəstəyin göstərilməsini təmin edəcəklər.
Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə cəlb olunacaq kateqoriyaya uyğun gələn və sosial məzuniyyətdə olan müəllimlər sağlamlıq vəziyyətləri imkan verdiyi halda könüllü olaraq imtahanda iştirak edə bilərlər. Bununla əlaqədar, həmin müəllimlərin müəssisə rəhbərlərinə müraciət etmələri tövsiyə olunur.
İki və daha artıq fəndən tədris aparan müəllimlər imtahanda keçid balını topladıqları təqdirdə əməkhaqqı artımı tədris etdikləri bütün fənnlərə şamil ediləcəkdir.