- 2018-ci il üzrə diaqnostik qiymətləndirilmədə iştirak edəcək müəllimlərin nəzərinə!

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən cari ilin may ayında müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi planlaşdırılır.
Nəzərinizə çatdırırıq ki, diaqnostik qiymətləndirilmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq müddətsiz əmək müqaviləsi əsasında işləyən müəllimlər, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, direktor, direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçılar, həmçinin yerli təhsili idarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində çalışanlar iştirak edə bilər.
Keçiriləcək diaqnostik qiymətləndirilmədə əvvəlki imtahanlarda zəif nəticə göstərən, ikinci ixtisası üzrə tədris aparan, habelə diaqnostik qiymətləndirilmədə iştirak etməyən heyət üçün şərait yaradılacaqdır.
  Bildiririk ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil sənədləri dövlət nümunəli olan və mövcud qaydaların tələblərinə uyğun şəkildə işə qəbul olunmuş şəxslərin iştirakına icazə verilir.
Diaqnostik qiymətləndirilmədə iştirak edəcək müəllimlərin elektron ərizələrinin sistemə daxil edilməsi cari ilin 02 – 10 may tarixlərində yerli təhsili idarəetmə orqanları tərəfindən həyata keçiriləcəkdir. Bununla əlaqədar namizədlər sözügedən orqanlara müraciət edə bilərlər.
Hər hansı sual və ya müraciət üçün 146 “qaynar xətt” və ya Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzi (012 430 52 78; 012 430 57 79) ilə əlaqə saxlaya bilərsiniz.